SVG
SVG

Övladınızla münasibətlərinizdə sevgi, yoxsa qorxu hakimdir?

Paylaşılma tarixi: 2025-04-06

Övladınız universitetə daxil olmazsa, onu daha az sevəcəksiniz? Əgər bu suala cavabınız “hə”dirsə, onda elə bu hissədə dayanın, yox əgər düşünürsünüzsə, “başı xarab olub bu adamın, niyə az sevirəm ki?!” onda oxumağa davam edin, xahiş edirəm.

Buraxılış imtahanından sonra və blok imtahanlarının yaxınlaşması ilə əlaqədar valideyn-uşaq hamıda bir gərginlik var. Son vaxtlar ünsiyyətdə olduğum uşaqlarda bu gərginlik özünü həvəssizlik, yuxusuzluq, tənbəllik və s. kimi göstərir. Xüsusilə də buraxılış imtahanında istədiyi balı toplamağa müvəffəq olmamış şagirdlərin əksəriyyəti çox gərginlik keçirir.

Əziz valideynlər, sizi ürəkdən anlayıram, hamı övladının uğurlu olmasını istəyir. Uşağınız bacardığı kimi mübarizə aparır (siz bəlkə də görmürsünüz, bəzən nəyisə etməyi təxirə salmaq, uzatmaq uğursuzluq qorxusu ilə əlaqəli olur), bəlkə də gözlədiyiniz qiymətləri ala bilmir, imtahanda uğursuzluqlarla üzləşir. Siz məyus ola bilərsiniz və ya onların gələcəyindən narahat ola bilərsiniz. Bu emosiyalarınızı necə ifadə edirsiniz? Qorxu hissi ilə başlayırsınız onu təhdid etməyə, başqaları ilə müqayisə etməyə: “Gülçörənin oğlu filan qədər bal yığdı, Nazimin qızı filan yerə qəbul oldu”. Deyəcəksiniz onlar üçün edirik, sevdiyimizdəndir. Amma belə münasibət yalnız qorxudan yarana bilər.

Təsəvvür edin: yoldaşınız sizi hansısa işi onun istədiyi kimi bacarmadığınız üçün başqası ilə müqayisə etsə və bunu sizə bildirsə, siz o işi görmək üçün daha həvəsli hiss edəcəksinizmi? Məncə bu müqayisədən sonra özdəyər hissi olan adam daha həvəsli hiss etməməlidir.

Bəs onda niyə hələ də müqayisəni motivasiya kimi istifadə edirsiniz? Niyə onlara “sən heç nəyə qadir deyilsən” deyib dəyərsizləşdirirsiniz. Siz ailə quranda, uşaq dünyaya gətirəndə həyatınızı digər həyatlarla bağlamısınız, həyatlarınız xalça ilmələri kimi bir-birinin içinə toxunub, bütün uğurlar da, uğursuzluqlar da sizindir. Necə ki, sizin valideyn olaraq səhvləriniz olanda övladınız sizi dəyərsizləşdirməyə çalışmır, siz də etməyin. Özününzə də, onlara da mərhəmətli davranın.

Deyə bilərsiniz ki, biz uşaq üçün hər şeyi edirik, onun da borcu oxumaqdır. Əlbəttə şagird kimi onun borcu oxumaqdır. Amma unutmaq olmaz ki, hər uşağın fərqli bacarıqları, fərdi ehtiyacları və istəkləri var. O bu prosesdə ilk dəfə iştirak edir, ilk dəfə məsuliyyət götürməyi, arzularının arxasınca getməyi təcrübə edir, əvvəl etmədiyi şeyləri edir. Büdrəməyi normaldır.

Əziz uşaqlar, yeniyetmələr əslində bizə uğur məsələsini səhv izah ediblər. Uğur həmişə qalibiyyət deyil. Amma qalibiyyətə cəhddir, həyatınızı müsbət hesab etdiyiniz istiqamətə dəyişməkdir. Əgər beyninizdə, qəlbinizdə bir yerdə hansısa peşə sahibi olmağa qərar vermisinizsə, həmin hissə hələ də bunu arzulayır, sadəcə müvəqqəti çətinlik yaranıb. Sanki duman yaranıb, qarşınızdakı yolu görə bilmirsiniz. Duman narahatlıqdır, həyəcandır və bu çox normaldır. Deyim ki, bəlkə də çoxunuz üçün qarşılaşdığınız ilk böyük çətinlikdir. Özünüzə söz eşitdirə bilmirsiniz. Bilirsiniz ki, ən çox indi intizamlı olmalısınız, amma bacarmırsınız. İndi qarşılaşdığınız çətinliyə verəcəyiniz reaksiya, onun öhdəsindən gəlmək üçün hazırlayacağınız plan, özünüzə dediyiniz müsbət sözlər sizin gələcəkdə qarşılaşacağınız çətinliklərlə mübarizə stilinizi müəyyən edir. Həmişə qaçacaqsınız, ya üstünə gedəcəksiniz. Deyim ki, qaçmaq yol deyil, özünüzə, xəyallarınıza, arzularınıza, indiyədək çəkdiyiniz zəhmətə xəyanətdir.

Təsəvvür edin: bircə dəqiqə gözünüzü yumub, düşünün. Sizdən kiçik qardaşınız ya bacınız indi sizin çəkdiyiniz əziyyəti çəkir, xəyallarından imtina etmək üzrədir. Ona necə davranardınız, nə deyərdiniz? Ən çətin vaxtlarınızda özünüzə dəstək olun, yaxşı davranın, düz yol göstərin, o yolu izləməyinə kömək edin.

Image